Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin 90 şagirdi Peşə Təhsil Mərkəzində
Məktəblilərin peşə mərkəzlərinə ekskursiyası davam etdirilir. Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbdə təhsil alan 90 şagird Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ediblər. Şagirdlərin ekskursiyası hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib.
Ekskursiya zamanı layihə rəhbəri Nizami Əsgərov şagirdlərə həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. O qeyd edib ki, peşə liseylərinə qəbul şagirdlərin IX sinfin buraxılış imtahanında topladığı bal əsasında aparılır: “Sizə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları əks olunub. Bukletdə, həmçinin əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat yer alıb”.
Daha sonra təlimçi Gülsarə Həsənova və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Əminə Məmmədova şagirdlərə Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib.
Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 24 ixtisas tədris olunur. Hazırda mərkəzdə Avtomobillərin təmiri çilingəri, avtomobil üzrə elektrik, avtomatika sistemlərinin istismarı, nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, kiber təhlükəsizlik, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, kompüter sistemlərində proqramlaşdırma peşələri öyrədilir.
Sonda şagirdlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar.
Qeyd edək ki, peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutur.