“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi yekunlaşıb
Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi Lalə Əzizovanın rəhbəri olduğu “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bağlanışı tədbiri baş tutub.
Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbində baş tutan tədbirdə məktəb rəhbərləri,
müəllimlər, layihə komandasının üzvləri və layihəyə seçilmiş məktəblilər
iştirak edib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Lalə Əzizova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Layihə çərçivəsində görülən işlərə qısa nəzər saldıqdan sonra layihə çərçivəsində təlimlərdə əldə etdikləri bacarıqları ictimaiyyətə təqdim etmək üçün “mənim startapım” adlı sessiyanı açıq elan edib.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının
yaradılması və inkişaf etdirilməsi”
layihəsinin təlimçisi Rafət
Şirəliyevin moderatorluğu ilə məktəblilər 6 komanda olaraq startap bizneslərini
təqdim ediblər. Layihənin ana xəttinə
uyğun olaraq Qarabağımızın iqtisadi inkişafı hədəf seçilərək təqdim olunan
ideyalar tədbir iştirakçılarının böyük marağı ilə müşayiət olunub. Biznes ideyalarda həm Qarabağımızın
tanıtımının, həm də Qarabağımızın əhalisinin məşğulluq imkanlarının
artırılmasının yeni innovativ proqramlarla təmin olunması ifadə olunub. Həmçinin,
bütün proseslər boyunca BMT-nin dayanıqlı inkişaf məqsədlərinin hər birinin
qorunması xüsusilə nəzərə alınıb. Təqdimatın sonunda moderator hər bir biznes
ideyanı auditoriyanın müzakirəsinə təqdim edib. Böyük maraqla izlənilən təqdimat
sessiyası bitdikdən sonra çıxışlara yer verilib.
Layihənin digər təlimçisi Samir Salayev çıxış edərək qeyd edib ki, layihənin icra planına uyğun olaraq əvvəlcə Qarabağ ərazilərinin iqtisadi-coğrafi potensialı şagirdlər üçün təhlil olunub, Qarabağda səmərəli biznes ideyaları düşünmək üçün təbii resurslar haqqında məlumatlar verilib. Bundan sonra isə şagirdlərdə real startap ideyalarını təqdimetmə bacarıqlarının yaradılması üzrə toplamda hər biri 2 saat olmaqla 16 təlim həyata keçirilib.
Lənkəran rayonu Tükəvilə kənd tam
orta məktəbinin direktoru Günay İsmayılova öz çıxışında məktəblilərin uğurlu təqdimatlarına
toxunaraq bu nailiyyətin əldə olunmasında layihə komandasının işini yüksək dəyərləndirib.
Yaradılan imkanlara görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.
Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva çıxış edərək qeyd edib ki, şagirdlərinin biznes ideyalarını uğurla təqdim etməsi sevindiricidir. Layihə boyunca həyata keçirilən təlimlər qısa müddətdə olsa da, məktəblilərin bacarıq və vərdişlərində yeni müsbət istiqamətlərə yol açıb.
Çıxışlar bitdikdən sonra layihə çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran məktəblilər xüsusi sertifikatlarla təltif olunub.