"YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" layihəsi icra olunur
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" layihəsi icra olunur.
Layihənin açılış tədbirində Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Masallı Tarix-Diyarşunaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəb direktorları, təlimçilər, QHT sədrləri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.
Layihə çərçivəsində Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində "YOLU TAP!" adlı orienterinq oyunu təşkil ediləcəkdir. Məktəbdən seçilən 40 şagird (hər birində 20 nəfər olmaqla iki qrup) üçün səmti müəyyən etmə təlimləri və oyunları təşkil olunacaqdır.
Layihənin icra mərhələsində hər qrup üçün 4 saatlıq təlimlər keçiriləcək və ardınca məktəbin həyətində orienterinq oyunu baş tutacaqdır. Yarışda qalib gələn komandalar medallarla təltif ediləcək və iştirakçılara sertifikatlar təqdim olunacaq. Layihənin davamlılığı məqsədilə məktəbdə “İnteraktiv Oyunlar Klubu” yaradılacaq və hər ay şagirdlər üçün yeni interaktiv oyunlar təşkil ediləcəkdir.
Xatırladırıq ki, "YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" adlı layihə, İradə İmanbəyli tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, şagirdlərin fiziki və zehni inkişafını dəstəkləmək və onları açıq hava şəraitində yönləndirmə və komanda işində gücləndirməkdir.