“İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə icra olunur
Layihə çərçivəsində Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təbiət və dəqiq elmlər üzrə PhET interaktiv simulyasiya platformasının Azərbaycan dilinə tərcüməsi və şagirdlər üçün dərnəklərin təşkil edilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi PhET platformasındakı kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat dərs materiallarını və praktiki məşğələləri Azərbaycan dilinə tərcümə edərək tədrisə inteqrasiya etməkdir. Bu məqsədlə platforma qurucuları ilə əməkdaşlıq memorandumu imzalanacaq və ölkəmizdə PhET platformasının geniş istifadəsinə dəstək veriləcəkdir.
Layihə çərçivəsində ilkin mərhələdə 5 fənn üzrə müvafiq müəllimlər tərcümə işləri üçün təlimatlandırılacaq və 200 səhifəlik dərs materialı Azərbaycan dilinə uyğunlaşdırılacaq. Tərcümə işləri başa çatdıqdan sonra, platformanın Azərbaycan dilində təqdimatı məktəb daxilində təşkil ediləcək və platformadan istifadə təlimatlarını əhatə edən videoçarxlar hazırlanacaq. Daha sonra hər fənn üzrə seçilmiş müəllimlərə praktiki təlimlər keçiriləcək və kimya, biologiya, coğrafiya, fizika və riyaziyyat fənləri üzrə “PhET dərnəkləri” təşkil olunacaq. 7-9-cu siniflərdən 75 şagird cəlb edilərək iki ay müddətində həftədə bir dəfə olmaqla, hər fənn üzrə 8 dərs təşkil ediləcəkdir.
Xatırladırıq ki, “İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Sərvət Ağayev tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərə PhET platformasının interaktiv imkanları ilə dəstəklənən dərs təcrübələri təqdim etməkdir.