146
logo

Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan

  • Bazar ertəsi 2 Dekabr 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində məktəbdə artıq ikinci layihənin icra olunduğunu qeyd edib: “2022-ci ildə Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə şagirdlərin inkişafı üçün önəmli olub. Ümid edirəm ki, bu layihənin icrası da şagirdlərimizin ingilis dilində dinləyib-anlama və danışma bacarıqlarının inkişafına əlavə imkan olacaq”.
Layihə çərçivəsində məktəbin V-IX sinfində təhsil alan şagirddən 15 nəfər şagird seçilərək kurslara cəlb olunacaq. İngilis dili üzrə dərsdənkənar məşğələ təşkil olunacaq qrupda 15 nəfər şagirdin olması nəzərdə tutulur.
İlkin mərhələdə fərdi anket məlumatları araşdırıldıqdan sonra 30 şagird test imtahanına buraxılıb. İmtahanda 40 faizdən artıq nəticə göstərən şagirdlər müsahibəyə dəvət olunub. Müsahibə mərhələsində məqsəd şagirdlərin ingilis dilini öyrənməyə marağını, dərsdənkənar məşğələlərə qatılmasının davamlılığını dəqiqləşdirmək olub. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək, nəzəri və praktik biliklər öyrədiləcək.
Qeyd edək ki, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Xeyransa Həsənli tərəfindən icra edilən layihənin məqsədi şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişaf etdirilməsi ilə təlim nəticələrinin yüksəldilməsinə dəstək verməkdir.