“Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi” layihəsi çərçivəsində biologiya müəllimləri ilə görüş keçirilib
“Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi” layihəsi çərçivəsində biologiya müəllimləri ilə görüş keçirilib.
Görüş zamanı müəllimlərə hazırlanmış dərs proqramı, "PhET" platforması və biologiya fənni ilə bağlı interaktiv simulyasiyalar təqdim olunub. Platformadan istifadə və dərs proqramının icrası izah edilib.
Qeyd edək ki, layihənin davamlılığı olaraq həmin müəllimlər V - Vlll sinifdə təhsil alan şagirdlərə hazırlanmış dərs proqramı ilə "PhET" platformasından interaktiv simulyasiyalar keçəcəklər.
Layihə çərçivəsində biologiya kurikulumuna uyğun olaraq 4 ay ərzində həftədə 2 dəfə olmaqla 32 saatlıq dərs proqramı hazırlanacaq və 20 nəfərlik 8-ci sinif şagirdləri ilə keçiriləcəkdir. Layihənin əvvəlində və sonunda şagirdlərin bilik səviyyəsini ölçmək üçün test imtahanları təşkil ediləcək və layihənin təsiri dəyərləndiriləcəkdir. Layihənin son mərhələsində məktəbdə biologiya fənni üzrə digər müəllimlərə təlim verilib, onlar da müxtəlif siniflərdə PhET simulyasiyalarından istifadə edərək dərslər keçirəcəklər.
Xatırladırıq ki, "Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə Xədicə Əliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET platformasında yerləşən interaktiv simulyasiyaları 8-ci sinif biologiya dərslərinə inteqrasiya edərək şagirdlərin bu fənnə olan marağını artırmaq və onların dərsi daha dərindən qavramasına şərait yaratmaqdır.