"Ətraf mühit kəşfiyyatçıları: şagirdlər arasında ətraf mühitə dair maarifləndirmə" layihəsinin açılış mərasimi keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biri olan "Ətraf mühit kəşfiyyatçıları: şagirdlər arasında ətraf mühitə dair maarifləndirmə" layihəsinin açılış mərasimi baş tutub.
Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə həyata keçiriləcək layihənin əsas məqsədi 7-ci, 8-ci və 9-cu sinif şagirdləri arasında ekoloji sessiyalar vasitəsilə maarifləndirmə işləri aparmaq və “Eko Radar” portalından istifadəni tədbiq edərək ətraf mühitdə baş verən müsbət və mənfi dəyişikliklər haqqında məlumatlılığı artırmaq və həll olunmasına ehtiyac duyulan problemlərin ortadan qaldırılmasına təşəbbüs göstərməyə təşviq etməkdən ibarətdir.
Layihə çərçivəsində 200 şagirdin iştirakı ilə 16 ekoloji maarifləndirmə sessiyası, 4 foto və video çəkilişi təlimi və "Eko Radar" portalı ilə tanışlıq görüşü baş tutacaq. Layihənin sonunda şagirdlərin təbiətdə gördükləri 3 mənfi və 3 müsbət dəyişikliyi qeydə alaraq portala yerləşdirməsi nəzərdə tutulub.
Xatırladaq ki, adıkeçən layihə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə Ülviyyə Mahmudova tərəfindən icra edilir.