Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq dərsləri aktiv şəkildə davam edir
Təhsildəq inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “iGeo – Azərbaycan” layihəsi çərçivəsində beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq dərsləri davam edir.
Dərslər ingilis dilində olmaqla, qabaqcıl nəşriyyatların vəsaitləri əsasında keçirilir və Azərbaycan-rus dillərinə də şərhlər verilir. Dərslərə cəlb edilən şagirdlər həftənin şənbə günləri saat 9:00-12:00 əyani olaraq Olimpiada Mərkəzində, həm də onlayn dərslərdə iştirak edirlər və bu dərslər 12 istiqamət üzrə ölkə mütəxəssisləri tərəfindən aparılır. Layihə çərçivəsində keçirilən dərslər şagirdlər üçün ödənişsizdir və onlar öyrənmə materailları ilə təmin edilirlər.
Hazırlıq dərsləri 2025-ci ilin may ayınadək davam edəcəkdir. Daha sonra ölkə komandasına seçmə imtahanı keçiriləcəkdir. Komandaya seçilmiş şagirdlərlə olimpiadayadək yay məktəbi təşkil ediləcək və intensiv hazılıq dərslərinin keçirilməsi nəzərdə tutulub. “Yay məktəbi”ndə xarici mütəxəssislərin də cəlbi nəzərdə tutulub.
Xatırladaq ki, layihə 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən icra edilir. Layihə coğrafiyadan xüsusi istedadı olan şagirdləri müəyyən edir və onları beynəlxalq kurikulum üzrə beynəlxalq olimpiadalara (eGeo və iGeo) hazırlayır. Hazırlıq dərslərinə 12-19 yaşlı məktəblilər cəlb edilirlər. Hazırlıq dərslərinə ETN Elmlər Akademiyası Coğrafiya İnstitutunun, BDU Coğrafiya fakültəsinin, ADPU Coğrafiya fakültəsinin alimləri və dövlət-özəl məktəblərinin qabaqcıl müəllimləri də cəlb ediliblər.