“P4C -İbtidai siniflər üçün fəlsəfə” layihəsinin icrasına başlanılıb
VIII qrant müsabiqəsinin qalibi olan “P4C -İbtidai siniflər üçün fəlsəfə” layihəsinin icrasına başlanılıb
Xırdalan 1 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "P4C -ibtidai siniflər üçün fəlsəfə" layihəsinin təqdimatı keçirilib.
Təqdimatda Dövlət Himni səsləndirilib, şəhidlərin və ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri, məktəbin direktoru Arifə Balakişiyeva və layihənin təlimçisi Təranə Nuriyeva çıxış edərək layihə haqqında geniş məlumat verib.
Qeyd edək ki, layihə çərçivəsində keçiriləcək təlimlər həftədə 2 dəfə 2 saatlıq olmaqla valideyn, müəllim, həm də şagirdlər üçün keçiriləcək. 1-4-cü siniflərdə təhsilalan 60 şagird seçiləcəkdir. Bundan əlavə, ibtidai sinif müəllimi olan 15 nəfər müəllim və 60 nəfər valideynlə də P4C bacarıqların mahiyyəti və bu bacarıqların uşaqlara aşılanması prosesi izah ediləcəkdir.
Xatırladaq ki, layihə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə Arifə Balakişiyeva tərəfindən icra olunur. Layihənin məqsədi ibtidai siniflərdə təhsilalan şagirdlərin P4C bacarıqlarına (Tənqidi düşünmə, Empatiya, Öz fikirlərini ifadə etmə, Problemi həll etmə) yiyələnməsinə nail olmaq və bu bacarıqlarını inkişaf etdirmələrini dəstəkləməkdir.