“Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihənin açılış mərasimi keçirilib
“Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, UNEC-in Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika kafedrasının professoru Şahnaz Şahbazova, Dövlət Sərhəd Xidməti Akademiyasının Elmi işlər, adyunktura və magistratura şöbəsinin zabiti mayor Ülviyyə Abdulayeva, Dövlət Sərhəd Xidməti Akademiyası Mühəndis – Texniki fənlər kafedrasının müəllimi, baş leytenat Nicat Şirinov və bir çox məktəb direktorları iştirak edib.
Layihə çərçivəsində məktəbin V sinifində təhsil alan 50 şagirdinin Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına hazırlaşdırmaq məqsədi ilə həftədə 2 dəfə olmaqla, ümumilikdə 74 saatlıq məşğələ dərsləri təşkil ediləcəkdir. Dərslər, şagirdlərdə riyazi bacarıq və məntiqi təfəkkürün inkişafına kömək etməyi hədəfləyib və 5 ay davam etməsi planlaşdırılıb.
Xatırladaq ki, “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin fizika müəllimi baş leytenant Rüfət Cəfərli tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərimizin riyazi bacarıqlarını və məntiqi təfəkkürünü inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında fəal iştirak edib uğurlu nəticə əldə edəcəklər.