"İncəsənət ilə təhsilə doğru" layihəsi başa çatıb
Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə keçirilən “İncəsənət ilə təhsilə doğru" layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə reallaşan layihə, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub və 4 ay davam edib.
Layihənin məqsədi gitara kurslarını şagirdlər üçün əlçatan edərək onların təhsil mühitinə adaptasiyasına dəstək olmaq, sosial bacarıqlarını inkişaf etdirmək və özünəinam hissini gücləndirmək idi. 31, 18 və 150 nömrəli tam orta məktəblərdən seçilmiş 13-15 yaş aralığında olan 16 şagird layihədə iştirak edib.
Təlimlərdə şagirdlər 16 günlük gitara kurslarında iştirak edərək musiqi ifaçılığının əsaslarını öyrəniblər. Layihənin sonunda isə onların bacarıqlarını nümayiş etdirmələri üçün "Ən gözəl ifa" adlı müsabiqə təşkil olunub.
Xatırladaq ki, “İncəsənət ilə Təhsilə Doğru” layihəsi 31 nömrəli tam orta məktəbin müəllimi Nigar Paşayeva tərəfindən icra olunub və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilib. Layihə rəhbərinin sözlərinə görə, bu təşəbbüs şagirdlərin emosional vəziyyətinin yaxşılaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına və məktəb mühitinə daha rahat uyğunlaşmalarına müsbət təsir göstərib. Bu cür layihələr təhsil prosesində incəsənətin rolunu artırmaqla yanaşı, şagirdlərin fərdi inkişafına və sosial inteqrasiyasına mühüm töhfə verir.