“Mən qorxuya qalib gəldim” layihəsinin icrasına başlanılıb
“Mən qorxuya qalib gəldim” layihəsinin icrasına başlanılıb
Qazax şəhər 3 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Mən qorxuya qalib gəldim” layihəsinin təqdimatı keçirilib.
Təqdimat layihə rəhbəri Nailə Əfəndiyevanın çıxışı ilə başlayıb, daha sonra məktəbin direktoru Şəbnəm Əliyeva və layihənin təlimçisi Şəlalə Məhərrəmova çıxış edərək layihə haqqında geniş məlumat verib, layihənin gənc nəslin psixoloji sağlamlığının qorunmasına hədəfləndiyini xüsusi vurğulayıblar.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərə bullinq zamanı necə davranmalı haqqında bacarıqlar aşılanacaq. Təlimlər 450 şagirdi əhatə edəcək. Bundan əlavə, məktəbin müəllim və valideyn kontingenti də maarifləndirici təlimlərə cəlb olunacaqlar. Onlara uşaqlar arasında, məktəbdə, evdə bullinq halları ilə rastlaşdıqda necə davranmaları haqqında təlimatlar veriləcək. Eyni zamanda bullinqin əsl səbəbləri, fəsadları, bullinqdən qorunma bacarıqlarının uşaqlara aşılanması prosesi izah ediləcəkdir.
Xatırladaq ki, layihə Qazax şəhər 3 nömrəli tam orta məktəbdə Nailə Əfəndiyeva tərəfindən icra olunur. Layihənin əsas məqsədi məktəblilərin aqressiv davranışının qarşısının alınması üçün bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaqdır. Layihə komandası isə bu məqsədə çatmağı və şagirdlərdə antibullinq bacarıqları inkişaf etdirməsini hədəfləyir.