”Dastana döndü...Hər şəhid bir dastan” layihəsinin açılış tədbiri keçirilib
4 oktyabr 2021-ci tarixdə Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin müəllimi Xədicə Məmmədovanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş “Dastana döndü...Hər şəhid bir dastan” layihəsinin açılış tədbiri keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan şəhər Təhsil şöbəsinin, rayon təhsil şöbələrinin əməkdaşları, qabaqcıl müəllimlər, şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Layihə haqqında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov, ”Şəhidlər”mövzusunda Naxçıvan şəhər Təhsil şöbəsinin əməkdaşı,”Dastana döndü...Hər şəhid bir dastan”layihəsi çərçivəsində çap olunacaq kitabın müəlliflərindən biri Ceyran Məmmədova, ”Naxçıvan şəhidləri” mövzusunda IV Qrant layihənin qalibi Asudə Məmmədova, layihənin məqsəd və vəzifələri haqqında layihənin rəhbəri Xədicə Məmmədova, layihənin eksperti Sahil Əlizadə, Şəhid Elnur Zeynalovun və Ümid Novruzlunun ailə üzvləri çıxış etmişdir.
Layihədə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında məlumatlardan, ümumtəhsil məktəblərinin şagirdlərinin şəhidlərə həsr etdikləri şeir və hekayələrdən ibarət kitabın çapı və film çəkilişi nəzərdə tutulur.
Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.