146
logo

Müəllimin əl kitabı: Sinfin idarə olunması

  • Cümə axşamı 14 Oktyabr 2021



13 oktyabr 2021-ci il tarixdə saat 20:00-da “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə V qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəbin “Müəllimin əl kitabı: Sinfin idarə olunması” layihəsinin açılış mərasimi keçirildi. Tədbir onlayn şəkildə MS Teams platforması üzərindən təşkil olundu.

Layihənin tanıtım videosundan sonra layihə rəhbəri, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev layihənin məqsədi, yerli və beynəlxalq təcrübədən qaynaqlanaraq, müəllimlərə sinfin idarə olunması sahəsində peşəkar inkişaf dəstəyinin göstərilməsinin vacib olduğunu vurğuladı.  Layihə çərçivəsində “Müəllimin əl kitabı: Sinfin idarə olunması” adlı vəsaitin və onun videoizahlarının hazırlanacağı, bu istiqamətdə təlimlərin təşkil olunacağı qeyd edildi.

Qeyd edək ki, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.

Layihə çərçivəsində hazırlanacaq kitabın həmmüəlliflərindən təhsil idarəçiliyi üzrə mütəxəssis, Qoşqar Məhərrəmli, T-network – təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rza Məmmədov çıxış edərək layihə barədə öz fikirlərini bölüşdülər.

Tədbirə dəvət olunmuş qonaqlar hal-hazırda bu mövzuda kitabın yazılmasına və təlimlərin təşkilinə böyük ehtiyac olduğunu vurğuladılar. 

İştirakçılara layihə çərçivəsində keçirilən onlayn sorğu linki göndərildi, sorğuda fikirlərini bölüşməklə layihəyə dəstək olmaları xahiş edildi və sorğuda bölüşülən təcrübələrdən, deyilən fikirlərdən kitabın yazılmasında sitat kimi istifadə olunacağını bildirildi.