V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri - Sağlam rəqabət və innovativ fəaliyyət
Məlum olduğu
kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə
inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində
baş verən mütərəqqi dəyişikliklərin, islahatların davamı olaraq bu müsabiqələrin
başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və
innovativ fəaliyyəti stimullaşdırmaqdan, yeni ideyaların dəstəklənməsindən ibarətdir.
Bu il keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib
layihələri də təhsil müəssisələri və müəllimlərimizin innovativ axtarışlarının
bəhrəsi kimi qiymətləndirilə bilər.
“Sinifdənxaric
və dərsdənkənar məşğələlərin təşkilində mental-arifmetika dərnəyinin rolu”
Son illərdə
müəllimlərimiz arasında təşəbbüskarlığın və yaradıcı axtarışların genişlənməsinə
təkan vermiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki
qalibləri arasında aktuallığı ilə seçilən layihələrdən biri “Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində
mental-arifmetika dərnəyinin rolu “ mövzusuna həsr olunub. Layihənin müəllifi,
Bakı şəhər 136 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini
Əli Mehdiyev mövzunun əhəmiyyəti və hədəfləri barədə danışır:
- Şagirdlərin
hərtərəfli inkişafı və sosial aktivliyini təmin etmək üçün xüsusi profilli dərnəklərə
ehtiyac vardır. Yeni tipli dərnəklərin təşkilində məqsəd şagirdlərdə səriştələrin
formalaşdırılması istiqamətində dərsdənkənar fəaliyyətin düzgün təşkili ilə hər
bir şagirdin istedad və qabiliyyətinin üzə çıxarılması, yaradıcılıq
imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir. Bundan ötrü hər bir
şagirdin meyil və marağı, istedad və qabiliyyətini müəyyən etməklə yanaşı onlar
üçün dəstəkləyici mühitin yaradılması vacibdir.
Bu mənada “Mental-arifmetika” dərnəyi də uşaqlarda sürətli zehni və
şifahi hesablama qabiliyyətlərinin inkişaf etdirilməsini hədəfləyir. Bu dərnəkdə
uşaqlar hesab maşınından istifadə etmədən əvvəlcə abakus (hesab aləti-şotku) üzərində
və sonra da şifahi (zehndə) hesablamalar aparır, cavabları saniyələr içində
doğru deyə bilirlər.
Bu dərnək
4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd hər bir uşaqda olan, lakin
işlədilməyən bəzi hissiyatları oyatmaqdır. Əvvəlcə uşaqlara abakus (hesab aləti)
öyrədilir, sonra isə beyində şifahi sürətli və doğru hesablamalar (toplama,
çıxma,vurma, bölmə) yerinə yetirilir və bu zaman abakusa ehtiyac qalmır.
Mental-arifmetika uşaqların: 1.Yaddaşını gücləndirir, 2.Sürətli hesablama
bacarığını formalaşdırır, 3.Yaradıcılığını artırır, 4.Məntiqi düşüncəsini dərinləşdirir,
5.Beynin sol və sağ yarımkürələrini inkişaf etdirir (eyni vaxtda), beynin
bütövlüyünü qoruyur, 6.Riyazi hesablama gücünü artırır, öyrənməmə qorxusunu
aradan qaldırır.
“3D
Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”
Xocavənd
rayon Əmirallar kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ayla
İsmayılovanın müsabiqəyə təqdim etdiyi layihə kifayət qədər maraq kəsb edən və
innovativliyi ilə seçilən “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə” mövzusuna həsr olunub. Layihə ümumi təhsilin
ilkin səviyyəsində tədrisin modernləşməsi və təkmilləşməsində mühüm əhəmiyyət
daşıyır. A.İsmayılova layihəsinin hədəfləri barədə fikirlərini bölüşür:
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb, innovativ inkişaf
modelinin reallaşmasi üçün ölkəmizdə artıq mütərəqqi addımlar atılmaqdadır. V
qrant müsabiqəsinə təqdim etdiyim “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli
öyrənmə” layihəsinin məqsədi ibtidai sinif müəllimlərinə dərs prosesində
“Quiver Vision” - 3D Artırılmış Reallıq texnologiyalarından istifadə olunmaqla
oyun əsaslı öyrənmənin üstünlüklərini mənimsətmək, dərs prosesinin daha uğurlu
təşkili və icrasını təşviq etməkdir.
Layihənin
davamlılığı, işin daha sürətli olması və Xocavənd rayon məktəblərinin mütəmadi
olaraq istər yerli, istərsə də beynəlxalq olimpiadalara hazırlaşmaları üçün
yaradılmış bu mərkəzdə müxtəlif istiqamətli ödənişsiz təlimlər təşkil olunacaq.
Bu təlim mərkəzində, ilk növbədə, 10 təlimçi müəllim hazırlanacaq. Təlimləri
Peşəkar İnkişaf Karyera Mərkəzinin əməkdaşları həyata keçirəcək.
“Beynəlxalq
Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər toplusu”
Salyan
rayonu Peyk kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən
Balamedovanın V Qrant müsabiqəsinə təqdim
etdiyi “Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər
toplusu” layihəsi şagirdlərimizin beynəlxalq
coğrafiya olimpiadalarına hazırlğının
stimullaşdırılmasına və bu sahədə yeni təcrübənin təşviqinə həsr olunub:
- Beynəlxalq
coğrafiya olimpiadasına hazırlaşmaq istəyən şagirdlər üçün testlər toplusunu
hazırlamaq məqsədi ilə bu layihəyə başladıq. Beynəlxalq coğrafiya
olimpiadalarında istifadə edilmiş suallar və onların həlləri bu topluda tədqim
olunacaq. Nəzərə alsaq ki, beynəlxalq coğrafiya kurikulumu milli kurikulumdan əsaslı
dərəcədə fərqlənir, təqdim edilmiş suallarda da ciddi fərqlər mövcuddur. Milli
kurikulum üzrə hazırlanmış olimpiada suallarının beynəlxalq kurikulum
suallarından əsaslı şəkildə fərqləndiyini nəzərə alsaq, beynəlxalq olimpiada
suallarının tərcüməsinə və həlləri ilə verilməsinə böyük ehtiyac vardır. Hazırladığımız bu toplu həm beynəlxalq
olimpiadalara, həm də respublika fənn olimpiadalarına hazırlaşan şagirdlər və
onların müəllimləri, eləcə də respublika fənn olimpiadalarının suallarını tərtib
edən müəllimlər üçün də çox faydalı olacaq. Onu da qeyd edim ki, test
toplusu milli coğrafiya kurikulumunun
beynəlxalq coğrafiya kurikulumuna keçidi üçün faydalı bir vəsait olacaqdır.
Beynəlxalq
coğrafiya olimpiadasına hazırlaşan şagirdlər üçün Azərbaycan dilində belə bir
toplu yoxdur. Bu topluda istifadə edilən suallar beynəlxalq olimpiada səviyyəli
suallardır. Toplunu hazırlamaq üçün böyük heyət iş görəcəkdir. Burada ingilis
dili və coğrafiya mütəxəssislərinin birgə fəaliyyəti həyata keçiriləcək. Layihənin ölkə coğrafiyası üçün əhəmiyyətini
nəzərə alsaq, görüləcək işlərin çox və məsuliyyətli olacağını deyə bilərik.
Layihədən
gözlənilən nəticə odur ki, hazırlanacaq test toplusu beynəlxalq coğrafiya
hazırlıqları üçün əsas vəsaitlərdən biri olacaq. Beynəlxalq coğrafiya
olimpiadalarına hazırlaşan şagirdlər bu vəsaitdən yararlana biləcəklər. Bu vəsait
coğrafiya fənni üçün çox böyük töhfə vermiş olacaq. Olimpiada üçün bütün
mövzulara aid sualları bir arada və izahları ilə birgə görmək həqiqətən də
şagirdlər üçün çox faydalıdır. Belə ki, ənənəvi sual formatının dəyişdirilərək,
beynəlxalq sual tipli suallardan istifadə etmək imkanı yaranacaq.
“Mənim peşəm
mənim gələcəyimdir!”
İsmayıllı rayonu
Yeniyol kənd S.Abbasov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Vəfa Vahabovanın V qrant müsabiqəsinin qalibi olan “Mənim peşəm mənim gələcəyimdir!” layihəsinin
isə artıq icrasına başlanılıb.
V.Vahabova layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat
verdi:
- Layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında, əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub. 3 ay müddətində İsmayıllı rayonunda icra ediləcək layihəni həyata keçirməkdə məqsəd yuxarı sinif şagirdləri arasında peşə təhsilinə maraq yaratmaq və peşə təhsilinin ictimai nüfuzunu artırmaqdan ibarətdir.
Layihə çərçivəsində
oktyabrın 10 -da Yeniyol kənd tam orta məktəbinin 20-yə yaxın VII-IX sinif
şagirdləri üçün seminar baş tutub. Oktyabrın 19-da isə Təzəkənd kənd tam orta məktəbinin
30-a yaxın VII-IX sinif şagirdləri üçün təşkil olunacaq seminarda məktəblilərə
müxtəlif peşə sahələri haqqında ətraflı məlumatlar veriləcək, düzgün peşə
seçiminin əhəmiyyətindən bəhs olunacaq. Təlim iştirakçılarının peşə təhsili
mövzusunda təsəvvür və anlama səviyyəsinin ölçülməsi, ilkin təhlil (diaqnostik
sorğu, müsahibələr) təlimçiyə şagirdlərdə yaranmış dəyişiklikləri müəyyən etməyə
imkan verəcək. Peşə təhsilinə marağı artırmaq üçün müxtəlif peşə sahələrinin dərindən
araşdırılması və öyrədilməsinə nail olacağıq. Təlimçi tərəfindən iştirakçılara
layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar veriləcək,
şagirdlər yerli səviyyədə problemlərin həllinə cəlb ediləcəklər.
Layihə
iştirakçısı olan 30-a yaxın şagirdin “Azərxalça” ASC-nin İsmayıllı filialına və
İsmayıllı Peşə Məktəbinə ekskursiyası təşkil olunacaq. Ekskursiya zamanı məktəblilər müxtəlif peşələrin
sirlərinə dərindən yiyələnəcəklər. Layihənin sosial şəbəkədə səhifəsi də
yaradılıb. Səhifədə layihə çərçivəsində görülən işlər vaxtaşırı olaraq
işıqlandırılır.
Layihə
istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin
formalaşmasına imkan yaradacaq. Maarifləndirici seminarlar nəticəsində peşə təhsilinin əhəmiyyəti məktəblilərə
daha dərindən çatdırılacaq. Şagirdləri müəyyən peşə sahələri ilə tanış etdikcə
onlarda bu peşələrə maraq artacaq, onlar passiv, asılı həyat tərzindən aktiv,
bacarıqlı həyat tərzinə keçəcəklər. Peşələri tanıdıqca özlərinin aid olduğu sahəni
seçəcək və nəticədə öz peşələri ilə yüksələcəklər. Seminarların keçirildiyi ərazilərdə
məktəblilərin peşə seçiminə özgüvəninin yüksəldilməsi təmin olunacaq. Bununla
yanaşı, peşə təhsilinin ictimai nüfuzu da yüksələcək.
"Azərbaycan
müəllimi" qəzeti
Oruc
Mustafayev