Böyük Qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib
Təhsildə
inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin dəstəyi ilə “Doğma
kəndimizə sağ qayıdaq” adlı layihəsi çərçivəsində Füzuli rayonunun “Qayıdış”
qəsəbə 5 nömrəli tam orta məktəbində müəllimlər, valideynlər və şagirdlər üçün
Böyük Qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib.
Seminarda
çıxış edən Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 nömrəli tam orta məktəbin
direktoru Təranə Məhərrəmova 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan
Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı
tarixi Qələbədən danışıb. O, azad olunan ərazilərimizin minalarla
çirkləndirildiyini bildirib, məktəblilərin və bütövlükdə rayon əhalisinin mina
təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd
edib, layihənin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açıb.
Tədbirdə
“Zəfər tariximiz, beynəlxalq humanitar hüquq və təhlükəsiz Böyük Qayıdış”
mövzusunda çıxış edən layihənin humanitar məsələlər üzrə eksperti Elçin
Sərdarov şanlı Qələbənin əldə olunmasında Azərbaycan xalqının öz Prezidenti
ətrafında yumruq tək birləşməsinin, rəşadətli Azərbaycan Ordusunun
peşəkarlığının mühüm rol oynadığını bildirib.
Beynəlxalq
Qızıl Xaç Təşkilatının nümayəndəsi Nicat Məmmədov “Mina təhlükəsizliyi və bu
sahədə görülən işlər və qabaqlayıcı tədbirlər” mövzusunda çıxış edərək mina
təhlükəsizliyinə uşaqların və yaşlıların tam məsuliyyətlə yanaşmasının
vacibliyini qeyd edib, minalanmış ərazilərə səfərlərin təhlükəli olması və
faciəli nəticələri, çətin vəziyyətə düşmüş halda atılacaq düzgün addımlar
haqqında iştirakçıları məlumatlandırıb.
Qubadlı
və Kəlbəcərin azad olmasına görə medallara layiq görülmüş hərbi həkim,
polkovnik-leytenant Vüqar Bağırov “Minadan zərər çəkmiş insana ilk yardım”,
məktəbin hərbiyə hazırlıq fənninin müəllimi, Füzuli, Qubadlı və Şuşa uğrunda
döyüşmüş və medallarla təltif olunmuş baş leytenant Rahil Babayev “Hərbiyə
hazırlıq dərslərində mina təhlükəsizliyinə dair məlumatın təqdim edilməsi və bu
sahədə tələbatlar”, Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya”
fakültəsinin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova
“Postmüharibə dövründə böyük qayıdışa hazırlıqda ailədə uşaqların
maarifləndirilməsi” mövzularında çıxış ediblər.
Çıxışlardan
sonra mina təhlükəsizliyinə dair interaktiv formatda təlimlər keçirilib.
Təlimlərin sonunda məktəblilər çəkdiyi rəsmlərdə və yazılarda azad olmuş doğma
kəndləri ilə bağlı arzularını əks etdiriblər.