Layihə planlaşdırılması və layihə təklifinin yazılması üzrə təlimlərin keçirilməsinə başlanılıb
Bu gündən Təhsil Nazirliyi tərəfindən ölkə üzrə onlayn
formatda “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin
keçirilməsinə başlanılıb.
Təlimin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində
çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması , layihənin inkişafı və
layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF)
yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən
monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, hədəf dinləyiciyə
istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının
artırılmasından ibarətdir.
Təlim proqramı layihə təklifinin hazırlanması prosesi, mühitin və
ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihə təklifinin anatomiyası, layihənin icra
planı, monitorinq və qiymətləndirmə, layihənin icrası, risklərin idarəedilməsi,
PR strategiyası və hesabatların hazırlanması daxil olmaqla bir sıra
mövzuları əhatə edəcək.
Məlumat üçün qeyd edək ki, təlimlər 36 akademik
saat olmaqla qabaqcıl ölkələrdə təcrübə keçmiş beynəlxalq və yerli təlimçilər tərəfindən
keçirilir.
Təlimlər Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində
çalışan təhsilverənlərlə yanaşı, ümumtəhsil internat məktəblərində işləyən ümumilikdə 4371 müəllimin cəlb edilməsini hədəfləyir.
Qeyd
edək ki, təlimin onlayn platformada keçirilməsi bütün bölgələrdə olan müəllimlərimizin
qoşulması üçün böyük şans yaradır.