“Zəfər bizimdir” layihəsi çərçivəsində orta məktəb müasir planşetlərlə təmin olunub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə
inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran
rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri
olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj
kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir “Samsung”
modelli planşetlərlə təchiz olundu.
24.11.2021 tarixində orta məktəbin informatika kabinetində məktəbin direktoru İlkin Yaqubovun, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyevin, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayevin, “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvlərinin və fəal məktəblilərin iştirakı ilə təşkil olunan təqdimat tədbiri yüksək səviyyədə həyata keçirilib.
Təqdimat tədbirini giriş sözü ilə açan layihə rəhbəri öz
çıxışında məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına müsbət təsir edən
və məktəbin informasiya komunikasiya vasitələri ilə təminatında mühüm irəliləyiş
olan “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd “Samsung” modelli
müasir planşetləri məktəblilərə təqdim edib. Planşetlərə yüklənən məktəblilərin
səmərəli fəaliyyətinə şərait yaradan proqramlardan bəziləri nümayiş olunub, məktəblilərin özlərinin də planşetlərdən praktiki
istifadəsinə şərait yaradılıb. Layihə rəhbəri həmçinin layihənin icra planına
uyğun olaraq 15 yanvar tarixinədək olan müddətdə həmin planşetlərdən istifadə
olunaraq Azərbaycanın Qarabağ zəfərinə həsr olunan müxtəlif vətənpərvərlik mövzularında
onlayn platforma üzərində 6 dəfə təlimlərin həyata keçiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov
adına tam orta məktəbinin direktoru İlkin Yaqubov bu layihənin məktəbə qatdığı
böyük imkanlara görə çox sevincli olduğunu qeyd edib. Məktəbin informatika
kabinetinə təqdim olunan 20 ədəd müasir planşetin məktəblilərin təhsil həyatında
önəmli rol oynayacağını qeyd edib. Bundan əvvəlki illərdə pandemiya şəraitində
texniki imkanların zəifliyi üzündən dərslərə evindən qoşula biləməyən şagirdlərin
bundan sonrakı dövrlərdə əgər eyni çətin şərait yaranacaqsa texniki baxımdan bu
planşetlərlə təmin olunacağını vurğulayaraq məktəbin ümumi təhsil hədəflərinin
tamlaşmasında layihənin müsbət və real rolunu qeyd edib. Çıxışının sonunda məktəb
müəllimlərinin innovativ ideyalarının bu şəkildə ən yüksək səviyyədə dəstəklənməsindən
ötrü Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.
Tədbirin sonunda çıxış edən “Zəfər bizimdir” layihəsinin
eksperti Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev ilk öncə məktəbliləri
təbrik edib. Layihə çərçivəsində müasir planşetlərlə təmin olunan məktəbin əldə etdiyi böyük imkanlardan
danışıb. Müasir dünyaya ən qısa zamanda inteqrasiya üçün İKT vasitələrinin önəmli
rolundan danışaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin
şagirdlərinin nəinki ölkəmizin ən uğurlu təhsil müəssisələri ilə, həmçinin dünyanın
uğurlu layihələri ilə onlayn qoşulmaqla yüksək səviyyədə əməkdaşlıq qura biləcəklərini
qeyd edib.
Tədbir məktəblilərin hədsiz sevinc hissləri ilə müşayiət
olunub.
Qeyd edək ki, “Zəfər bizimdir” layihəsi
15.09.2021-15.02.2022 tarixlərində Lənkəran rayonunda icra olunur.