"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində təlimlər uğurla davam edir
V qrant müsabiqəsinin “Fərdi” kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb, Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində təlimlər uğurla davam edir.
Layihənin əsas məqsədi Qəbələ rayonunda (Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb və Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəb 1-11-ci siniflər arasından) şagirdlər üçün robototexnika təlimlərinin təşkilini həyata keçirmək, robototexnikaya marağı artırmaq, şagirdlərin robototexnika üzrə nəzəri və praktiki biliklər qazanmalarına nail olmaq, ölkəmizdə robototexnika üzrə mütəxəssislərin yetişməsinə töhvə verməkdir.
Layihə çərçivəsində təlimlər sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirilir. Hazırda təlimlərə 60 nəfərdən çox şagird cəlb edilib.
Təlim iştirakçılarına layihənin təlimçisi Ayaz Məmmədov tərəfindən aşağıdakı mövzular üzrə məlumat verilir, praktiki təcrübələr həyata keçirilir:
- Mikrokontroller nədir? Necə işləyir?
- Proqramlaşdırma haqqında ilkin anlayışlar;
- Arduino İDE ilə tanışlıq, praktiki təcrübələr;
- Displeylər haqqında nəzəri məlumat, displey ilə təcrübə;
- Mətnlərin LCD monitorda göstərilməsi;
- Potensiometr haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri;
- Leqo ilə tanışlıq və praktiki təcrübələr;
- Cihazların uzaqdan idarə olunması haqqında anlayışlar və uzaqdan idarəetmənin növləri;
- Pultla və infraqırmızı sensor ilə təcrübə;
- İşığın pultla söndürülüb yandırılması;
- Diodlar haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri;
- 3D qələm ilə tanışlıq və praktiki təcrübələr;
- Müasir robotlar, bulutuz ilə idarə olunan maşın, maneəden qaçan robot maşın, robot qol və s.
Nəzərə alsaq ki, müasir dövrdə robototexnikanın əhəmiyyəti olduqca çoxdur, onda bu layihənin də faydalı ola biləcəyini düşünmək olar.
Qeyd edək ki, layihə 15.09.2021 - 15.12.2021 tarixlərində icra edilir.