146
logo

“Arduino emalatxanası - elektronikaya açılan qapı” adlı layihə üzrə keçirilən təlimlər yekunlaşmaq üzrədir

  • Çərşənbə axşamı 14 Dekabr 2021



Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihə Şirvan şəhəri üzrə 4 məktəbdə tədris olunur. Üç ay icra müddəti olan layihə üzrə 7 qrup olmaqla, ümumilikdə, 90 şagird təlimdə iştirak edib. Hər qrup üçün 6 təlim günü nəzərdə tutulub və ümumilikdə 42 təlim keçirilib. Layihədə iştirak edən şagirdlər artıq bir çox elektron qurğunun düzəldilməsi, proqramlaşdırılması kimi biliklərə yiyələnib.

Layihə rəhbəri, Şirvan şəhər M.İsrailov adına 18 nömrəli təbiət humanitar təmayüllü məktəb-liseyin coğrafiya və STEAM müəllimi Pərvanə Hətəmova bildirib ki, “Arduino” proqramlaşdırıla və elektron sxemlər üzərində qurula bilən açıq mənbəli inkişaf - mikrokontroller platformasıdır. “Arduino” laboratoriya dəstləri ilə uşaqlar xəyallarını ən səmərəli şəkildə istifadə edə, əylənərkən öyrənə biləcəyi bir mühitə sahib ola bilirlər. “Arduino” layihəsi interaktiv və ya inkişafetdirici mühit yaratmaq üçün idealdır. “Arduino emalatxanası - elektronikaya açılan qapı" layihəsinin əsas məqsədi də “Arduino” dərsləri ilə elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrinin əsaslarını öyrənmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağı artırmaqdır.

Təlimçi Sənan Heydərli qeyd edib ki, bu layihə əsasında şagirdlər elmi və texnoloji bacarıqlarını formalaşdırırlar. Eyni zamanda, alətlərlə, təhlükəsiz iş qaydaları ilə tanış olurlar. Bundan başqa, prototip hazırlamaq üçün ən yaxşı təcrübə, yerinə yetirilən işə yaradıcı münasibət formalaşdırmaq, komandada işləmək, vəzifələri səmərəli paylamaq bacarığını inkişaf etdirmiş olurlar.

Hazırda layihə üzrə təlimlərin aparıldığı məktəblərdən biri də Şirvan şəhər 14 nömrəli tam orta məktəbdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova bildirib ki, təkcə 14 nömrəli məktəbdə təlimlərə 30 şagird qoşulub və faydalı biliklər əldə ediblər.

Təlimlərdə iştirak edən şagirdlər artıq bir çox cihazların hazırlanması, onların kodlaşdırılması və proqramlaşdırılması kimi biliklərə sahib olublar. Onlardan biri də 8-ci sinif şagirdi Ayla Mahmudovadır. O, təlimlər sayəsində artıq məsafə ölçən cihazı çox rahatlıqla ərsəyə gətirə bilib.

Qeyd edək ki, “Arduino emalatxanası - elektronikaya açılan qapı” layihəsi sentyabr ayından icra olunur.