Müəllimlərə ictimai fəal məktəb modelinin formalaşdırılması mövzusunda təlim kursu keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant" müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi çərçvəsində ilk təlim kursu layihənin icraçısı Bakı şəhər Binəqədi rayonu 83 №-li məktəb-liseydə təşkil olunub.
40 nəfər fəal müəllimin iştirakı ilə başlayan təlimi layihənin rəhbəri, Bakı şəhər Binəqədi rayonu 83 №-li məktəb-liseyin direktoru Almaz Bayramova açıq elan edib və bu günə qədər layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. O, layihənin təhsil sistemində rolu və əhəmiyyətindən danışıb.
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, ictimai fəal məktəb modelləri, Azərbaycan bu təşəbbüsün pilot olaraq gerçəkləşdirilməsi, gələcəkdə bu şəbəkənin genişləndirilməsi imkanları haqqında danışıb.
Təlim interaktiv şəkildə təlimçi Dadaş Əhmədli tərəfindən davam etdirilib və o, mövzu ilə bağlı geniş formada həm nəzəri bilik və informasiyalar çatdırıb, həm də müəllimlərin iştirakı ilə işçi tapşırıqlar və praktik təqdimatlar təşkil edib.
Təlimdə iştirakçılar “ictimai fəal məktəb fəlsəfəsi və inkişaf yolu”, “ictimai fəal məktəb tipləri: müxtəlif təcrübələr”, “ictimai fəal məktəb üçün sosial tərəfdaşlıq”, “ictimai fəal məktəbin əməkdaşlıq imkanları”, “ənənəvi məktəbdən ictimai fəal məktəbə keçid” və digər maraqlı və aktual məsələlərlə bağlı bilik, bacarıq və təcrübələr qazanıblar.